COP29 başlayır | Canlı yayım

   COP29 başlayır |    Canlı yayım
  11 Noyabr 2024    Oxunub:818
Noyabrın 11-22-də Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bugünədək təşkil etdiyi ən nəhəng və mötəbər tədbirdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı regionda ilk dəfə Azərbaycanda baş tutur. COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

Nə müzakirə ediləcək?

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
Təşəbbüslərdən biri kimi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulur.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Konfransın rəsmi yayımı

Bakı Stadionundan yüksəkkeyfiyyətli yayımı təmin etmək məqsədilə Bakı Media Mərkəzi COP29 konfransının rəsmi yayım şirkəti təyin olunub.



Könüllülər

Bu tədbir könüllülər üçün də mühüm platformadır. COP29 tədbirinin uğurlu icrasında əhəmiyyətli pay öz fədakar əməyi, nümunəvi davranışları ilə seçilən dayanıqlılıq səfirləri kimi çıxış edəcək COP29 könüllülərinin üzərinə düşür.

Rəqəmsal nəqliyyat xəritəsi

COP29 veb-saytında yerləşdirilmiş rəqəmsal nəqliyyat xəritəsi istifadəçilərə əsas nəqliyyat qovşaqlarının mövqelərini göstərmək üçün nəzərdə tutulub. Bu nəqliyyat qovşaqları COP29 müddətində nümayəndə heyətlərinin gediş-gəlişini optimallaşdırmaq və asanlaşdırmaq məqsədilə hazırlanmışdır və nəqliyyat qovşaqları, tədbir məkanı, o cümlədən qonaqlama məntəqələri arasında nəqliyyat hərəkətlərini effektiv şəkildə özündə birləşdirir.
COP29 dövründə 500 avtomobil istifadə ediləcək, onlardan 210-u Liderlər Sammiti üçün cəlb olunacaq. Eyni zamanda, 140 elektrik avtobusundan istifadə ediləcək.

Proqram

COP29 rəsmi veb-saytında yerləşdirilən və konfransın gündəliyinə uyğun yenilənməkdə olan proqram qlobal iqlim gündəliyini əhatə edəcək müxtəlif tədbirlər, müzakirələr və sərgilər haqqında məlumatları ehtiva edir. Konfransda əyani surətdə iştirak edən şəxslər bu proqramları həm Mavi, həm də Yaşıl zonaların məlumat masalarından əldə edə biləcəklər.

Proqram rəsmi danışıqların aparılacağı və qərarların qəbul ediləcəyi Mavi Zona və iqlim dəyişmələri ilə bağlı müxtəlif sərgi, seminar və mədəniyyət tədbirlərinin keçiriləcəyi, ictimaiyyətə açıq olan Yaşıl Zonanı əhatə edir. Proqramda iqlim maliyyəsi, adaptasiya, mitiqasiya və texnologiyalar və bir sıra digər müxtəlif mövzulara yer verilib.

Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.



Teqlər: COP29  





Xəbər lenti